çərşənbə axşamı 12 may 2026 - 17:03
İran İslam Respublikası və müqavimət cəbhəsi haqq cəbhəsində yer alır

Hövzə / Livan Müqavimət Alimlərinin Ümumdünya Birliyinin sədri Əmirəl-möminin (ə) məktəbində “haqqyönümlülük” prinsipini vurğulayaraq bildirib ki, İran İslam Respublikası və müqavimət cərəyanı Fələstin amalını müdafiə etdikləri, məzlum xalqları dəstəklədikləri və hegemon siyasətlərə qarşı dayandıqları üçün haqq cəbhəsində yer alırlar.

Livan Müqavimət Alimlərinin Ümumdünya Birliyinin sədri və Sayda şəhərinin cümə imamı Şeyx Mahir Həmmud Hövzə Xəbər Agentliyinin Məşhəd şəhəri üzrə müxbirinə verdiyi müsahibə zamanı siyasi və ictimai məsələlərin təhlilində “haqq meyarı” prinsipinin zəruriliyini vurğulayaraq bildirib ki, Şiə məktəbinin ən mühüm dərslərindən biri həqiqətin hər hansı bir şəxsiyyət ilə deyil, haqqın özü ilə tanınmasıdır. Onun sözlərinə görə, əvvəlcə haqq tanınmalı, sonra isə insanların həmin haqqa münasibətdə mövqeyi müəyyən edilməlidir.

O, Əmirəl-möminin həzrət Əlinin (ə) xilafəti dövrünün mürəkkəb şəraitinə və Cəməl, Siffeyn, Nəhrəvan kimi hadisələrə toxunaraq bildirib ki, həmin dövrdə bəzi insanlar tanınmış səhabələrin iştirak etdiyi qruplara qarşı necə dayanmağın mümkün olması barədə suallarla qarşılaşırdılar.

Şeyx Həmmudun sözlərinə görə, Əmirəl-mömininin (ə) bu şübhəyə cavab olaraq haqqı batildən ayırmaq üçün əsas bir prinsip bəyan etmiş və buyurmuşdur: “Haqq şəxslərlə tanınmaz, haqqı tanı ki, onun əhlini də tanıyasan.”

O qeyd edib ki, tarixi mənbələrdə və İbn Əbil-Hədidin “Şərhi Nəhcül-bəlağə” əsəri də daxil olmaqla müxtəlif qaynaqlarda nəql olunan bu söz bütün dövrlər üçün dəyişməz prinsipdir və hər bir zamanda mövqelərin və cərəyanların dəyərləndirilməsi üçün meyar ola bilər.

Haqq yolundan uzaqlaşmaq, Xaricilər hadisəsindən alınan ibrət

Sayda şəhərinin cümə imamı çıxışının davamında xaricilərin tarixi təcrübəsinə toxunaraq bildirib ki, onlar əvvəlcə Əmirəl-mömininin (ə) yanında olsalar da, öz baxışlarını “mütləq həqiqət” hesab edib mötədillikdən uzaqlaşdıqdan sonra haqq yolundan sapdılar.

O, həzrət Peyğəmbərin (s) bu qrup haqqında buyurduğu “Xaricilər oxun ovdan çıxdığı kimi dindən çıxacaqlar” hədisini xatırladaraq vurğulayıb ki, həqiqətin yalnız bir hissəsinə söykənmək və digər tərəflərini görməmək insanı düzgün yoldan uzaqlaşdıra bilər.

Bugünkü İslam dünyasında mövqe məsələsi

Livan Müqavimət Alimlərinin Ümumdünya Birliyinin sədri bu prinsipin müasir şəraitə tətbiqindən danışaraq bildirib ki, İran İslam Respublikası və müqavimət cəbhəsinə münasibətdə onların mövqeyi də məhz bu meyar əsasında formalaşıb.

O vurğulayıb ki, müqavimətə dəstək şəxsi bağlılıq və ya fərdi cazibəyə görə deyil, bu cərəyanın haqq cəbhəsində yer aldığı üçün göstərilir. Çünki bu cəbhə Fələstin məsələsini müdafiə edir, ABŞ-nin hegemon siyasətlərinə qarşı dayanır və məzlum xalqların yanında yer alır.

Şeyx Mahir Həmmud sonda bildirib ki, dövlətlərin və siyasi cərəyanların qiymətləndirilməsində əsas meyar onların haqqa nə dərəcədə bağlı olmasıdır, adlar və simalar deyil. Onun sözlərinə görə, İslama qarşı dayanan hər bir cərəyan və güc bəzi hallarda doğru sözlər desə belə, nəticə etibarilə batil cəbhəsində yer alacaq.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha